Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Strateji tərəfdaşlıq..”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Strateji tərəfdaşlıq.
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Strateji tərəfdaşlıq..”, ÖZEL
14 Aralık 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Strateji tərəfdaşlıq..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. İnamla hədəfə doğru gedirik. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Strateji əhəmiyyət kəsb edən neft kəmərləri Azərbaycanın iqtisadi potensialına daha çox tövhə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Digər kəmər Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Prezident İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştırakı və çıxışı əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlərdən xəbər verir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri yüksək dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək. Serbiya ilə yanaşı Azərbaycan və Bolqarıstanı da strateji tərəfdaşlıq Sazişi bağlayır. Münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirilmiş bu vacib mesaj da əlaqələrimizin inkişafından xəbər verir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Bunlar əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlərdir. Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir. Baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər. Azərbaycan yaşıl enerji sektorunun inkişafındakı hüquqi bazaya, bu istiqamətdə atılan praktiki addımlara və hədəflərə nəzər salır. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.

Ülker PİRİYEVA/AZERBAYCAN

Son Güncelleme: 14 Aralık 2023 | Etiketler: , , , , , , , , , ,